05.08.2020 10:08
Xərçəng xəstəsinə sətəlcəm diaqnozu necə qoyulub? - Həkimdən açıqlama
Xərçəng xəstəsi olan şəxsə “HB Güven Klinikası”nda “sətəlcəm” diaqnozu qoyub səhv müalicə olunduğu bildirilən və vəfat edən Dağbəyi Məmmədovla bağlı ictimai müzakirələr hələ də davam edir. Klinika açıqlamasında bildirmişdi ki, tanınmış həkim Vasif İsmayılovun vasitəçiliyi ilə həmin xəstəni qəbul etmişdilər. Məsələni ictimailəşdirən D.Məmmədovun oğlu Zamiq Məmmədliyə elə vasitəçi olan həkim V.İsmayıl cavab verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, V.İsmayıl qeyd edib ki, üç ay əvvəl Dağbəyi Məmmədovun qızdırması qalxıb: “Çətin zaman idi. COVID-19 ilə əlaqədar ağciyər iltihabı olan xəstələrin heç biri ağciyər xəstəlikləri xəstəxanasına qəbul edilmirdi. Əvvəlcə virus testi aparılırdı. Zamiq Dağbəyi dayının bütün məsələlərini mənimlə məsləhətləşirdi. Dağbəyi dayının qızdırması çıxanda hər şeyi Ağciyər xəstəlikləri institutu ilə məsləhətləşməsini tövsiyə etdim. Alınmadı. Orada ancaq COVID xəstələri yatırdı. Dağbəyi dayıda isə COVİD testi mənfi idi. Adam rəsmən ortalıqda qaldı. İndi işlədiyim "Güvən" klinikasına zəng etdim. Qəbul etmədilər. Səhiyyə Nazirliyindən direktiv gəlmişdi: bütün ağciyər infeksiyaları TƏBİB kontrolundan keçməli idi. Analiz günlər əvvəl alınmışdı, amma cavabını demirdilər. Dağbəyi dayı evdə əziyyət çəkirdi. Yanında da oğlu Zamiq, bir də qızları. Qarabağ qazisi bir adamın, öz ailəsini qoyaraq öz kəndi uğrunda döyüşlərə qoşulan birinin evdə yardımsız qalmasına vicdanım əl vermirdi.
"Güvən klinikası" ilə danışdım. Dağbəyi dayını küçəyə çıxma qadağası olan günlərdə xəstəxanaya yatırdıq. COVID yoxladıq. Mənfi idi. Amma "sətəlcəm" tapdıq. Bildiyimiz adi sətəlcəm. Dağbəyi dayı ilə müntəzəm maraqlanırdım. Həkimlərinə tam olaraq inanırdım, amma Zamiq rahat olsun deyə yoluxurdum. Özünün yanına dəfələrlə girdim. Klinika onun başına ancaq ona xidmət edən tibb bacısı qoymuşdu. Dağbəyi dayı özü-özünə qulluq edə bilmirdi. Dağ kimi kişi idi, amma xəstəlik onu çətin vəziyyətə salmışdı. Klinika bacardığını elədi.
“Sətəlcəmin" gündəlik müalicə xərcləri çox çıxır. Üç gün sonra Dağbəyi dayı nisbətən düzələndə "evə göndərək, evdə müalicə olsun" deyə qərar çıxdı. Zamiq istəmədi. Zəng etdim, xahiş etdim, saxladılar. Dağbəyi dayı evə xəstəxanaya gəldiyi şikayətlər olmadan getdi. Şahidəm. Amma bir həftə sonra pisləşdi.
Mənim şəxsən tanıdığım, hər gün mənə Dağbəyi dayının vəziyyətini məruzə edən həkim dedi: pisləşmənin altında ancaq onkoloji xəstəlik yata bilər.
Doktor tövsiyə etdi, Zamiq yoxlatdı. Dağbəyi dayıda mədə xərçəngi var imiş. İndi Zamiq ödədiyi, özəl xəstəxanaya ödədiyi məbləği geri istəyir.
Xəstəxana o məbləği geri verə bilməyəcək. Çünki alınan pulun əksər hissəsi dərmanlara verilib. Onsuz da bizim həkimlər Dağbəyi dayıdan həkim qonararı almamışdılar”.
Zamiq Məmmədli isə bu açıqlamaya cavab olaraq bildirib ki, atasının COVİD-19 testi mənfi çıxandan 3 gün sonra “HB Güven klinikası”na yerləşdiriblər: “Atamı klinikanızın təcili tibbi yardım maşını ilə, əlbəttə ki pulu ödənməklə apardılar. Karantinin bura dəxli yoxdu. Atama kim infeksionist təyin etmişdi bilmirəm. Biz dəfələrlə Nazxanım Qasımovaya dedik ki, onkomarkerlər verilsin, xərçəngdən şübhələnirik. Dedi ki, yox, ehtiyac yoxdu, leykositləri normaldı, adicə sətəlcəmdi sadəcə. Gündə 8 dərman atmalı idi. Evə gətirdik həmin o dərmanları atmağa başlayandan sonra mədəsindən qan açıldı. Nazxanımın yazdığı dərmanlar qanaxma vermişdi, mədə xərçənginə gündə 8 dənə daş kimi dərman olmazdı! Mən atamı sənə güvənərək qondarma "Güvən" klinikasına yerləşdirdim ki, diaqnoz qoyulsun, amma onun onurğasında və mədəsində ağır xərçəng xəstəliyin təyini üçün heç bir addım atılmadı.
2700 manat ödədim bəli, EGE klinikasına da 150 manat ödəyib Nazxanım Qasımovanın tövsiyəsi ilə döş qəfəsini KT-sini çəkdirdik. Yenə də mədəsindən qida borusuna qədər 27 cm boyundakı şişləri, onurğa sümüyündəki xərçəngi görmədilər? Atamın ömrünü qısaltdılar. Ona işgəncə verdilər. O ki qaldı Qarabağ qazisinə romantik tonlarda duyğusal həssaslığınıza, ona 1 manat da endirim etmədiniz. Nədən danışırsınız siz? Məsələ prokurorluq-məhkəmə ekspertizası vasitəsi ilə həll ediləcək. Hüquq mühafizə orqanları araşdırar, istintaq aparar, onda ortaq nəticəyə gələrik”.
Xəbər 9284 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|